XƏBƏRLƏR
4327
2
15
ÜMUMİ MƏLUMAT
Mingəçevir Dövlət Universiteti (MDU) Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli 1335 nömrəli Sərəncamı ilə yaradılıb. Əsası 1991-ci ildə qoyulmuş Universitet müxtəlif vaxtlarda Azərbaycan Sənaye Universitetinin Mingəçevir filialı, Mingəçevir Energetika İnstitutu və Mingəçevir Politexnik İnstitutu adı ilə fəaliyyət göstərib.
2024/2025-ci tədris ilində Universitetdə iqtisadiyyat, mühəndislik və təhsil profillərini əhatə edən 38 ixtisas (bakalavriat) və 19 ixtisaslaşma (magistratura) üzrə kadr hazırlığı həyata keçirilir. Hazırda 3 fakültə və 10 kafedranın fəaliyyət göstərdiyi universitetdə ümumilikdə 5000-dən artıq tələbə və magistrant təhsil alır. Müxtəlif ixtisaslar və kurslar üzrə 9 tələbə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərib.
370-dən çox əməkdaşı olan MDU-da 260 nəfərə yaxın professor-müəllim heyəti çalışır ki, onlardan 5 nəfəri elmlər doktoru, 75 nəfəri fəlsəfə doktoru, 4 nəfəri professor və 46 nəfəri dosentdir.
MDU-da həyata keçirilən kompleks tədbirlər ilk növbədə əsas strateji hədəflərə – yeni dövrün universitetinə çevrilməyə, regional inkişafa töhfə verməyə və paytaxt səviyyəli ali təhsil müəssisəsi statusuna nail olmağa hesablanır. Bu zaman milli ali təhsilimizdə müşahidə olunan inkişaf trendləri, beynəlxalq ali təhsil məkanında baş verən dəyişikliklərə əsaslanan yeni çağırışlar, eləcə də Universitetin mövcud durumu və potensial imkanları əhəmiyyətli dərəcədə nəzərə alınır.
